CƏLİLABADDA ÜMUMXALQ HÜZN GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
Cəlilabad, 20 yanvar (AZƏRTAC). Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında Qanlı 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbir iştirakçıları xiyabanda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılan abədənin önünə gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə üstündə ana obrazının təsviri olan və ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi haqqında söylədiyi hikmətli sözlərinin həkk olunduğu barelyeflərin açılışı olmuşdur.
Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 20 Yanvar faciəsinin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu vurğulamış, xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən daim qayğı göstərildiyini diqqətə çatdırmışdır.
Tədbir Cəlilabad şəhərindəki “Lalə” şadlıq sarayında davam etmişdir. Burada 20 Yanvar şəhidlərinin şərəfinə ehsan süfrəsi açılmış, şəhid ailələrinə, əillərə və müharibə iştirakçılarına maddi yardımlar edilmişdir.
Rayonun bədii ozfəaliyyət kollektivlərinin ifasında Qanlı 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya göstərilmişdir.