Cəlilabadda Yerli Demokratiya Həftəsi çərçivəsində konfrans keçirilib
Cəlilabad, 1 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Milli Məclisin regional məsələlər komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyalarının və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Hacıqabul, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan rayon və Şirvan şəhər bələdiyyələrinin sədrləri, bələdiyyə üzvləri iştirak ediblər.
Konfransda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bələdiyyələrin həyata keçirdiyi yerli əhəmiyyətli sosial layihələrdən, yerli özünüidarəetmə orqanları ilə icra orqanlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2007-ci ildə hər il Avropa ölkələrində “Yerli Demokratiya Həftəsi”nin keçirilməsi təşəbbüsünə Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyaları da qoşulub. Artıq 10 ildir ki, Azərbaycanda Yerli Demokratiya Həftəsi keçirilir. Yerli Demokratiya Həftəsinin əsas məqsədi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsidir.
Hər il həftə çərçivəsində bələdiyyələrin sakinlərlə görüşlərinin keçirildiyini, öz fəaliyyətləri barədə seçicilərinə hesabat verdiklərini vurğulayan A.Rəhimzadə bu tədbirlərin yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, vətəndaş-bələdiyyə münasibətlərinin inkişaf etdirilməsinə və son nəticədə vətəndaş cəmiyyətinin formalaşması prosesinin sürətləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə qeyd edib ki, demokratik quruluşun əsaslarından biri hesab olunan yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin statusunun əsasları, onların həll etdikləri məsələlərin dairəsi Konstitusiya ilə müəyyən edilib.
Qeyd olunub ki, bələdiyyələrin büdcələri onların statusuna əsasən özünüidarəetmə prinsiplərini reallaşdırmaq, səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vasitəsidir. Bələdiyyə büdcələrinin əsas gəlir mənbəyi isə yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərdir.
Diqqətə çatdırılıb ki, yerli vergi və ödənişlərin yığılmasında problemlər mövcuddur. Bəzi bələdiyyələr tərəfindən qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən kifayət qədər səmərəli istifadə olunmur. Bu baxımdan bələdiyyələr üzərlərinə düşən vəzifələri yerinə yetirməli və sosial layihələrin həyata keçirilməsində fəallıq göstərməlidirlər.
Konfransda Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynovun, Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradovun, “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın və Cəlilabad Rayon Bələdiyyə Sədrləri Şurasının sədri Bağış Mustafayevin məruzələri dinlənilib.
Sonra tədbir iştirakçıları Cəlilabad rayonundakı “Günəşli” aqroparkının və heyvandarlıq kompleksinin, “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin qablaşdırılması və paketlənməsi müəssisəsinin və “Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olublar.