Cəlilabadın Ağdaş kəndində istismara hazır və qapadılmış neft quyusu
Cəlilabad, 26 yanvar, İlkin Adıyev, AZƏRTAC
Bir vaxtlar neft axtarışı üçün qazılan quyular sakinlərin, daha doğrusu, maldarlıqla məşğul olan kəndlilərin ümid yerinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabadın Ağdaş kəndində istismara hazır və qapadılmış neft quyusundan axan xam neftdən sakinlər texnikaların yağlanmasında, eləcə də mal-qaradakı zərərvericilərə qarşı mübarizədə istifadə edirdilər. Burada neft quyusunun qazılmasının və müəmmalı şəkildə qapadılmasının öz tarixçəsi var. Qapadılan beton örtüyün üzərində geoloq Koşmanın da cızdığı qeydlər hələ də qalmaqdadır. Bu qeydlər bizi ötən əsrin 50-ci illərinə aparır.
Tarixçi İslam Vəliyev bildirir ki, tarixi mənbələrdə bu quyular haqqında məlumatlara rast gəlinir. Burada gördüyünüz kimi beton üzərində Koşman qeydi var - “1953-cü ilin fevralın 21”. Geoloqun qardaşı burada bədbəxt hadisə nəticəsində yıxılaraq ölüb. O, azyaşlı olub, onun üçün də işə xələl gətirilib. Ölümü ört-basdır etmək üçün qazılan quyu keyfiyyətsiz quyu kimi qapadılıb. Amma həqiqətdən də quyudan çıxan neftin də, qazın da keyfiyyəti göz önündədir. Buradan təmiz parafin çıxır. Bu parafin bütün yaraların dərmanıdır. Hamı bundan istifadə edir. Müasir dövrdə bu quyunun dayanma səbəbini araşdırmağa başlayıblar. Bu quyular qazılan zaman kəndimizdən Neft-Kimya İnstitutuna çoxlu şagird daxil oldu ki, burada işləsin.
Ötən əsrin 50-ci illərində bu ərazidə 100 metrlik radiusu bürüyən neft fontanı ərazinin elmi surətdə araşdırılmasına səbəb olub. Hətta buna görə kənd yollarının abadlaşdırılmasına başlanılır.
Kənd sakini Musavat Mirzəyev deyir ki, burada geoloji kəşfiyyat işləri çərçivəsində üç müxtəlif quyu qazılıb. Lakin qazma işləri yekunlaşdıqdan sonra bu quyuların ağzı qapadılıb. İşlərin dayandırılmasına səbəb kimi isə bu qüllədə baş verən ölüm hadisəsinin ört-basdır edilməsi olub. Belə ki, məhz bu ölüm hadisəsindən sonra quyuların effektli olmadığı barədə Moskvaya məlumat ötürülüb və quyular ağır beton örtüklə qapadılıb.
Ağdaş kənd sakinləri ərazilərindən çıxan neftin müxtəlif xəstəliklərə qarşı dərman kimi digər kənd sakinləri tərəfindən bəhrələnməsinə etiraz etməyiblər. Əksinə, bu neftdən yığıb uzaqdakı tanışlarına da göndəriblər. Ən böyük arzuları da bu ərazidə nə vaxtsa böyük neft sənayesinin yaranmasıdır. Hansı ki, ötən əsrin 50-ci illərindən neft bu kənddə yaşayan sakinlərin hələ də əsas mövzularından biridir.