Cenevrədə Bakıya aid elmi araşdırma təqdim olunub
Bakı, 23 dekabr, AZƏRTAC
Cenevrə Dövlət Universitetində Azərbaycana həsr olunmuş “Bakı keçid mərhələsində. Davamlı ərazi layihəsinin inkişafı üçün perimetr təhlili və müdaxilə tədbirləri” mövzusunda elmi araşdırmanın təqdimat mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, Fransa universitetlərinin elm xadimləri, Cenevrədə yerləşən müxtəlif elm fondlarının təmsilçiləri, Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbərliyi, Azərbaycan icmasının nümayəndələri, məşhur vəkillər və iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edənlər elmi araşdırmanın müəllifi - Cenevrə Dövlət Universitetinin doktorantı Tural Əliyevi və onun elmi rəhbərləri Aleksandr Hedjazi və Loran Mateni təbrik ediblər. Elmi araşdırma memarlıq və şəhərsalma sahəsinə böyük töhfə adlandırılıb, Bakı şəhəri urbanizmini əhatə edən və xaricdə nəşr olunan nadir ədəbiyyat nümunəsi kimi qiymətləndirilib. Tədqiqatda Bakının şəhər inkişafının keçid dövrü mərhələlərinin analizləri, memarlıq və şəhərsalma potensialının dinamikası və şəhərin inkişaf modeli öyrənilib. Keçid dövründə son baş planın icra edilməməsinin (1986-cı il) səbəbləri olaraq Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğalı, paytaxt Bakının 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə qarşılaşması, mənzil fondunun 16 faizinin itirilməsi kimi faktlara da diqqət cəlb edilib.
Araşdırmada İsveçrə (Cenevrə Universiteti və Frayburq Ali Memarlıq və Mühəndis Məktəbi), Fransa (Monpelye Universiteti və Parisdəki İnalco İnstitutu), ABŞ (Harvard Universiteti və UCLA) və eləcə də Azərbaycan (ADA Universiteti və İnşaat və Memarlıq Universiteti) universitetlərinin alim və ekspertlərinin fikir və təcrübələri, təhlil və tövsiyələri nəzərə alınıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma” proqramı çərçivəsində gerçəkləşdirilən tədbirin məqsədi diasporla bağlı elm adamlarının dəstəklənməsi, məşhur xarici universitetlərdə çalışan azərbaycanlı alimlərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmlənməsi, xarici alimlərin Azərbaycan mövzusu ilə maraqlanması, birgə elmi layihələrdə iştiraka stimulun yaranmasına xidmət edir.