MƏDƏNİYYƏT
“Cəngi” qrupu “Jazzycolors” caz festivalında
Paris, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə muğamdan etno-caza qədər ən müxtəlif janrları birləşdirən “Cəngi” qrupu Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun 15-ci “Jazzycolors” Caz Festivalında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, kollektiv festival üçün etno-caz musiqisi üzrə konsert proqramı hazırlayıb. Qrupun üzvləri Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) və Vasif Hüseynli (piano) noyabrın 29-da Goethe İnstitutunda çıxış edəcəklər.
Dərin tarixi kökləri olan milli musiqimizin, caz, muğam və etno-caz ənənəsinin yayılmasında “Cəngi” qrupunun da xüsusi rolu var. Qrup məşhur bəstəkar və musiqiçi Rafiq Babayev tərəfindən 1992-ci ildə yaradılıb və 2002-ci ildən Azərbaycan Əməkdar Artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir.
Qeyd edək ki, “Jazzycolors” caz festivalı 2003-cü ildən keçirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris