Cənub bölgəsinin yeganə sürrealist rəssamı
Lənkəran, 11 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhər sakini İlqar İsmayılov ölkəmizin cənub bölgəsində sürrealizm janrında rəsm əsərləri çəkən yeganə rəssamdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rəssam əsərlərini təkcə kağız üzərində deyil, kətan və boşqablar üzərində də işləyir.
Boşqab üzərində şəkilləri sifariş əsasında hazırlayan İlqar İsmayılovun əsas işi isə qrafikadır. O, əsərlərində ən çox batal, əsatir və tarixi janrlara üstünlük verir.
Salvador Dalinin əsərlərinin vurğunu olan rəssamın çəkdiyi şəkillər içərisində bir-birindən fərqli qeyri-adi əl işlərinə də rast gəlmək mümkündür.
Rəssam sürrealizm janrının xüsusiyyətləri barədə məlumat verərək deyib: “İşlədiyim zaman insanın bütün hərəkətlərini, yerişini, onun daxili aləmini, hansı xasiyyətə malik olduğunu nümayiş etdirməyə çalışıram. Elə əsərlər var ki, bağlılıqla yaranır. Məsələn, insanla heyvanın bağlılığı. Sürrealizmdə belədir. İnsan başı heyvan başı kimi, yaxud onun qolu quş kimi təsvir edilir”.
Sürrealist rəssam bu janrın xüsusiyyətlərini gənclərə də böyük həvəslə öyrədir.