Cənubi Koreya məhkəməsi Yaponiyanın cinsi istismar qurbanlarına təzminat ödəməsini tələb edir
Pekin, 8 yanvar, AZƏRTAC
Seul mərkəzi məhkəməsi yapon istilası dövründə (1910-1945) cinsi istismara məruz qalmış koreyalı qadınlara Yaponiya hökumətinin təzminat ödəməsinə dair qərar qəbul edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu, iki ölkə arasında tarixi gərginliyin əsas mövzularından olan seks köləliyi ilə bağlı ilk təzminat qərarıdır. Məhkəmə mübahisənin həlli üçün 2013-cü ildə məhkəməyə müraciət edən 12 zərərçəkən qadına (ölənlərin varislərinə) Yaponiya hökumətinin 100 milyon Koreya vonu (təxminən 91 min 200 ABŞ dolları) ödəməsini istəyir. Seul məhkəməsinin qərarında iddiaçılar təsəvvürəgəlməz ruhi və fiziki əzablar çəkdiyini, qanunsuz hərəkətlərin sübutlar, müvafiq materiallar və ifadələrlə təsdiqləndiyi qeyd olunur.
Qeyd edək ki, yapon istilası zamanı Koreya qadınlarının seks köləsi kimi istifadə olunması mövzusu iki ölkə arasında neçə illərdir gərginliyin yaşanmasına səbəb olub. Rəsmi Seulun mövqeyinə əsasən, İkinci Dünya müharibəsi zamanı əksəriyyəti koreyalı olmaqla 200 mindən çox qadın yapon imperialist qoşunları tərəfindən seks köləsi kimi xidmət göstərməyə məcbur edilib. Yaponiya isə bu iddiaları qəbul etməməklə yanaşı, diplomatik münasibətlərin normallaşması haqqında iki ölkə arasında 1965-ci ildə imzalanmış sazişin istila dövrü ilə bağlı bütün məsələləri, o cümlədən seks köləliyi, məcburi əməyə cəlb olunmanı həll etdiyini bildirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin