“CƏSURLAR” HƏRBİ-İDMAN VƏ TURİZM OYUNLARININ MÜKAFATÇILARI MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, aprelin 28-də C.Naxçıvanski adına Hərbi Liseydə “Cəsurlar” hərbi-idman və turizm oyunlarının respublika final mərhələsi keçirilmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Yarışların təntənəli açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov, liseyin rəisi general-mayor Mirzə Almasov və başqaları ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında 1998-ci ildən keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyunlarının əhəmiyyətindən, gənclərin vətənpərvərlik tərbiyəsində rolundan danışmışlar. Bildirilmişdir ki, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gənclərin sağlam, vətənpərvər ruhda tərbiyəsinə, işğal altında olan torpaqlarımızın geri alınmasında onların yüksək əzmkarlıq göstərməyə hazır olmasına yönəldilmiş dövlət siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xatırladaq ki, Gənclər və İdman, Təhsil, Müdafiə nazirliklərinin, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin hər il birgə təşkil etdikləri bu oyunların final mərhələsinə 19 rayon komandası vəsiqə qazanmışdır.
Bu mərhələdə komandalar sıra hazırlığı, kəndirlə “təhlükəli zolağı” qət etmək, sürünməklə maneəni aşmaq, istehkamdan hədəfə qumbara atmaq, “zəhərli zona”nı keçmək və s. üzrə öz bacarıqlarını nümayiş etdirmişlər.Yarışlarda Xətai rayon komandası birinci, Sumqayıt şəhərinin məktəbliləri ikinci, Naxçıvan şəhərinin təmsilçiləri üçüncü yeri tutmuşlar.
Komandalara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.