Cəzaçəkmə müəssisələrindəki məhkumlar narkomanlığa qarşı mübarizə ilə bağlı maarifləndirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunan Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə 12 və 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub.
Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyi Bakı şəhər Narkolojı Mərkəzinin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş müzakirələr aparılıb.
Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.