“Cheniere Energy”: ABŞ LNG ixracında Asiyaya yönəlib
Bakı, 9 mart, AZƏRTAC
ABŞ mayeləşdirilmiş təbii qaz (LNG) ixracında Asiyaya yönəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Hyustonda keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında ABŞ-ın ən böyük LNG ixracatçısı olan “Cheniere Energy” şirkətinin baş icraçı direktoru Jack Fusco deyib.
O bildirib ki, şirkət ötən 2 ildə 25 fərqli ölkəyə 300-dən çox LNG yükü göndərib. Həmin illərdə Asiya, Latın Amerikası və Avropa ölkələrinə LNG yollanılıb. Son dövrdə isə Asiyaya, xüsusilə də Çinə daha çox LNG yükü göndərilir. Artan tələbat və bahalaşan təbii qazın qiyməti ilə əlaqədar ABŞ LNG ixracında Asiyaya yönəlib: “Çinin enerji portfelində kömürdən təbii qaza keçid mühüm əhəmiyyət kəsb edir. Çinin nə etmək istədiyini anlayırıq. Bu, onlar üçün ictimai bir məsələdir. Daha təmiz hava və ətraf mühitə ehtiyacları var və onlar bunu istəyirlər. Bu keçid uzunmüddətli olacaq və yaxın zamanda sona çatacağını düşünmürəm. Çinin LNG-yə olan tələbatı ildən-ilə 40 faiz nisbətində artım göstərir. Ölkənin mayeləşdirilmiş təbii qazı yenidən əmtəəlik qaza çevirən terminallar qurması da Çinin LNG-yə tələbatının artacağının göstəricisidir”.
Şirkətin 2 il əvvəl ilk müştərilərinin Avropa şirkətləri olduğu deyən J.Fusco İngiltərə və Qərbi Avropa ölkələrinin enerji istifadəsində təbii qaz və kömür arasında dilemma yaşadığını bildirib: “Buna görə də “Cheniere Energy” Asiyadakı artan tələbatı ödəmək bu qitəyə diqqəti yönəldib. Şirkət Sinqapurla yanaşı, Pekin və Tokioda da ofislər açıb. Asiyadakı əlaqəmiz yaxşıdır. Qitədə müvəffəqiyyətli olsaq şirkəti 2 dəfə böyütmək istəyirik”.
Qeyd edək ki, “Cheniere Energy” keçən ay Çinin enerji nəhəngi “China National Petroleum Corporation”nın törəməsi “PetroChina”ya 2043-cü ilə qədər illik 1,2 milyon ton LNG satmaq barədə razılığa gəlib. Şirkət, həmçinin Hindistanın ən böyük təbii qaz şirkətlərindən olan “GAIL India” ilə əldə etdiyi razılaşma çərçivəsində 20 il müddətində Hindistana hər il 3,5 milyon ton LNG göndərəcək.