ÇEXİYADA “AZƏRBAYCAN VƏ XƏZƏR ARAŞDIRMALARI MƏRKƏZİ” AÇILMIŞDIR
Azərbaycanın Çexiyadakı səfirliyində AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Brno şəhərində fəaliyyət göstərən Masarık Universitetində “Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi” açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın Çexiyadakı səfiri T.Tağızadə, Çexiyanın ölkəmizdəki səfiri R.Matula, Masarık Universitetinin siyasi elmlər institutunun direktoru B.Dançak, eləcə də xarici əlaqələr kafedrasının müdiri P.Suxi, həmçinin universitetin tələbələri iştirak etmişlər.
B.Dançak Mərkəzin açılışını universitetin həyatında əlamətdar hadisə olduğunu deyərək, onun Çexiya-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacağını söyləmişdir. B.Dançak Azərbaycan-Çexiya ikitərəfli əlaqələrinin təkcə enerji sahəsində deyil, eləcə də digər sahələrdə inkişafının vacib olduğunu və Mərkəzin açılışının bu istiqamətdə mühüm irəliləyişdən xəbər verdiyini qeyd etmişdir.
Çexiyanın Azərbaycandakı səfiri R.Matula Çexiya xarici işlər naziri Karel Şvartsenberqin tədbir iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Məktubda Mərkəzin açılışının Xəzər hövzəsi regionunun bu gün dünyada artan əhəmiyyətini nümayiş etdirdiyini, Azərbaycanın isə bu regionda başlıca oyunçu olduğunu vurğulanmışdır. Çexiyanın Azərbaycana strateji tərəfdaş kimi baxdığı və enerji təminatı sahəsində Avropanın Azərbaycana arxalana bilməsi faktı məmnunluq hissi ilə qeyd edilmişdir.
Sonra R.Matula K.Şvartsenberqin bu ilin iyulunda Bakıya ikigünlük səfərini xatırladaraq, həmin səfər zamanı Çexiya xarici işlər nazirinin Azərbaycanı strateji tərəfdaş adlandırdığını və Çexiyanın Azərbaycanla təkcə enerji sahəsində deyil, həmçinin elm, təhsil, mədəniyyət sahələrində də əlaqələri inkişaf etdirmək marağını ifadə etdiyini söyləmişdir. Bu mənada o, Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzinin açılışını qeyd edilən niyyətə sübut olduğunu vurğulamışdır.
T.Tağızadə Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun Mərkəzin açılışı ilə əlaqədar təbrik məktubunu tədbir iştirakçılarına oxumuşdur. Məktubda nazir Çexiyanı Azərbaycanın vacib tərəfdaşı adlandırmış və ölkəmizin Çexiya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir. Məktubda Mərkəzin iki ölkənin elm dairələri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirməklə Azərbaycan-Çexiya əlaqələrinin inkişafında müsbət rol oynayacağına əminlik ifadə edilmişdir.
Mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişaf etdirilməsinin səfirliyin gündəliyində prioritet məsələ olduğunu bildirən Azərbaycan səfiri Mərkəzin açılışının bu prioriteti nümayiş etdirdiyini söyləmişdir. T.Tağızadə, həmçinin Mərkəzin iki ölkənin elm-təhsil dairələri arasında əlaqələrin inkişafına müsbət təsir edəcəyinə inandığını söyləmişdir. O, Mərkəzin yaradılması ilə işin bitmədiyini, onun gələcək fəaliyyəti və uğurlarının tələbələrdən də asılı olduğunu vurğulamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan səfirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılan “Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi” Çexiyanın ikinci böyük ali təhsil ocağı olan Masarık Universitetində ilk bu tipli qurumdur. Mərkəzin direktoru, Azərbaycan vətəndaşı Eltay Dilbazi və onun əməkdaşı Filip Çernox eyni zamanda Masarık Universitetinin doktorantlarıdır. Mərkəzə ayrıca kabinet verilmişdir, orada kompyuter avadanlığı və kitabxana vardır.