Çili jurnalisti Azərbaycanın ədalətli mövqeyindən danışıb
Bakı, 24 iyul, AZƏRTAC
Cənubi Amerikanın tanınmış televiziya kanalı olan, mərkəzi Venesuelada yerləşən və bir çox ölkədə yayımlanan “Telesur TV”də “Kritik oyun” (Jugada Critica) proqramının budəfəki buraxılışı Ermənistanın Azərbaycana qarşı iyulun 12-də törətdiyi növbəti hərbi təxribatına həsr olunub.
Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın əvvəlində münaqişənin tarixi barədə məlumat verilərək, Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycan ərazilərinin işğal faktından, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən bəhs edilir. Ermənistanın bu qətnamələri yerinə yetirmədiyi, Azərbaycanın isə ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışdığı diqqətə çatdırılır.
İki ölkənin siyasi-iqtisadi xüsusiyyətlərindən, o cümlədən Azərbaycanın strateji əhəmiyyətindən bəhs edildikdən sonra proqramın aparıcısı Rei Gomez özünün “Twitter” səhifəsində Ermənistanın işğalını pisləyən paylaşımını və bir çox kütləvi informasiya vasitələrində, xüsusilə Türkiyənin “TRT World”, Anadolu xəbər agentliklərinin Ermənistanın hərbi təxribatı barədə yazılarından müəyyən hissələri canlı yayımda səsləndirib.
Sonrakı hissədə mövzu ilə əlaqədar bir neçə ekspert, o cümlədən Çilidən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında bir çox məqalənin müəllifi, jurnalist və beynəlxalq analitik Pablo Xofre proqrama qoşularaq öz şərhlərini səsləndirib.
P.Xofre Ermənistan tərəfindən gücdən istifadə edilərək Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə siyasəti, o cümlədən Xocalıda soyqırımı törədildiyini bildirib. O, Ermənistanın son hərbi təxribatından danışaraq bu dövlətin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum etmək üçün heç bir əsasının olmadığına diqqət çəkib, əslində hücumun məhz Ermənistan tərəfindən diqqəti öz daxili problemlərindən yayındırmaq, Azərbaycan üçün strateji və iqtisadi əhəmiyyət daşıyan bölgəyə hücum etməklə onun münaqişə ilə bağlı mövqeyini zəiflətmək, regionda sabitliyi pozmaq məqsədilə təşkil edildiyini deyib. Ermənistanın məhz bu məqsədlə Tovuz rayonunu regionda yeni böhranın mərkəzinə çevirməyə çalışdığını söyləyib.
Regionda marağı olan dövlətlərin ilk növbədə Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməklə Dağlıq Qarabağ və 7 ətraf rayonda Azərbaycanın suverenliyinin bərpasına çalışmalı olduğunu ifadə edib. Ermənistan tərəfindən bu ərazilərin beynəlxalq hüquq normalarına əsasən Azərbaycana qaytarılmalı olduğunu və yalnız o zaman təkcə Avropanın qonşuluğunda və Cənubi Qafqazda deyil, həm də Yaxın Şərq və Aralıq dənizi bölgəsində sabitliyə təsir göstərən bu münaqişənin həll edilə biləcəyini vurğulayıb.