İQTİSADİYYAT
Çin-Avropa yük qatarlarının sayı 12 faiz artıb VİDEO
Pekin, 22 sentyabr, AZƏRTAC
Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayı yanvar-avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 13 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Çin Dövlət Dəmir Yolu Qrupu” açıqlama yayıb. İlin 8 ayında Çin-Avropa istiqamətində yük qatarları ilə 1,4 milyon TEU ekvivalentində yük daşınıb ki, bu göstərici üzrə artım 11 faiz təşkil edib.
Qeyd edək ki, Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Ötən müddətdə Çindən Avropanın və Asiyanın onlarla şəhərinə və əks istiqamətdə 93 mindən çox qatar səfər edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin-Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu xəttində yaranmış çətinliklər logistika şirkətlərinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb.
Beynəlxalq ticarətdəki gərgin vəziyyət fonunda Çin-Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz və Türkiyə üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir. Çin-Avropa yük qatarlarının, xüsusən də Orta Dəhlizdən keçən qatarların əsas hissəsi Çinin Sian şəhərindəki quru yük terminalından çıxır. İyul ayından başlayaraq Sian limanından Bakıya Orta Dəhlizlə gündəlik müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb. Sentyabrın 18-də Siandan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Avropaya daha bir yük qatarı xətti açılıb. Qatar Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz, Bolqarıstan, Serbiya, Macarıstan, Slovakiya və Çexiyadan keçməklə son təyinat nöqtəsi olan Manheym şəhərinədək (Almaniya) 11,3 min kilometr məsafə qət edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, blok qatarları orta hesabla Çindən Azərbaycana 8-10, Gürcüstan limanlarına isə 12 gün ərzində çatdırılır. Bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır ki, bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.
Qazaxıstanın Baş naziri Oljas Bektenov Orta Dəhliz üzrə yük daşınmasının ötən il 65 faiz, bu ilin 8 ayı ərzində isə 69 faiz artaraq 2,9 milyon tona çatdığını açıqlayıb. Dünya Bankının proqnozlarına görə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 2030-cu ilədək 10 milyon tona çatacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin