Çin şirkəti müəllif hüquqlarını pozduğuna görə “Disney”ə cərimə ödəyəcək
Pekin, 24 dekabr, AZƏRTAC
Çinin cizgi film istehsalçısı şirkəti müəllif hüquqlarını pozduğu üçün “The Walt Disney”ə 1,35 milyon yuan (təxminən 200 min ABŞ dolları) cərimə ödəməli olacaq.
AZƏRTAC xəbər verir ki, Şanxay müəllif hüquqları məhkəməsi ikinci məhkəmə baxışında “Xiamen’s Bluemtv” şirkətinin istehsal etdiyi “Avtobotlar” cizgi filminin “Disney”in “Avtomobillər” animasiyasının oxşarı olması və bununla da Çin şirkətinin müəllif hüquqlarını pozması barədə əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb.
Qeyd etmək lazımdır ki, “Avtomobillər” cizgi filminin müəllifi olan “Disney/Pixar's” cütlüyü “Avtobotlar” animasiyasında müəllif hüquqlarının pozulmasına görə ötən il Şanxay xalq məhkəməsinə müraciət etmiş və məhkəmə faktı təsdiqləmişdi. Qərardan narazı olan “Xiamen’s Bluemtv”in Şanxay müəllif hüquqları məhkəməsinə müraciəti də rədd edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin