Çində anomal istilərlə əlaqədar əhaliyə yenidən xəbərdarlıq edilib VİDEO
Pekin, 22 iyun, AZƏRTAC
Çinin Milli Meteorologiya Mərkəzi ölkənin müxtəlif bölgələrində müşahidə olunan anomal hava şəraiti ilə əlaqədar “sarı” (3-cü dərəcə) səviyyədə xəbərdarlığı yeniləyib.
AZƏRTAC xəbər verir ki, son günlər paytaxt Pekində və Tiencin şəhərində, Hebey, Henan, Şandon, Anhuy, Ciansu, Liaonin, Fucien və Haynan əyalətlərində, Sincan Uyğur və Daxili Monqolustan muxtar rayonlarında havanın temperaturu gündüz 39 dərəcəyə (Selsi) çatıb. 2014-cü ildən bəri ilk dəfə olaraq paytaxt Pekində havanın hərarəti 40 dərəcəni ötüb. Bu səbəbdən paytaxtda xəbərdarlıq səviyyəsi “narıncı”ya (2-ci dərəcə) qaldırılıb.
Milli Meteorologiya Mərkəzi əhaliyə açıq havada gəzməməyi, müvafiq qurumlara isə açıq havada çalışmalı olan əməkdaşlarına qoruyucu və qabaqlayıcı tədbirlər görməyi tövsiyə edib.
Mərkəz paralel olaraq, ölkənin digər bölgələrində leysan yağışlarına görə daha əvvəl elan etdiyi “sarı” xəbərdarlığı da yeniləyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin