«ÇİNGİZ KLUBU» QAPILARINI TAMAŞAÇILARIN ÜZÜNƏ AÇDI
Mərasimdə çıxış edən Çingiz Mustafayev adına Fondun prezidenti, Milli Qəhrəmanın atası Fuad Mustafayev layihənin həyata keçirilməsində əməyi olan insanlara təşəkkürünü bildirərək, bu mədəniyyət ocağının tezliklə uşaq və gənclərin ən sevimli istirahət və əyləncə mərkəzinə çevriləcəyinə əminliyini ifadə etmişdir.
Açılış mərasimində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Hüseynov və başqaları çıxış edərək yeni mədəniyyət evinin istifadəyə verilməsini Şəkinin mədəni həyatında mühüm hadisə kimi qiymətləndirmişlər.
Rəmzi qirmizi lent kəsildikdən sonra qonaqlar yeni mədəniyyət ocağı ilə tanış olmuşlar. 1913-cü ildə inşa edilmiş bu bina 2006-cı ildə Çingiz Mustafayev adına Fondun və «VMF» şirkətinin təşəbbüsü ilə əsaslı təmir olunmuşdur. Burada 80 nəfərlik kino zalı, uşaq teatrı, rəsm qalereyası, muzey və yardımçı otaqlar yerləşir. Tamaşaçıların rahatlığı üçün ən son texnologiyalara uyğun müasir avadanlıqlar quraşdırılmışdır.
Yeni mədəniyyət evinin uşaq teatrında Məlikməmməd, Göyçək Fatma, Nərbala və digər məşhur nağıl qəhrəmanları balaca tamaşaçılarda xoş ovqat yaratmışdır. Muzey, rəsm qalereyası, Çingiz Mustafayevə həsr olunmuş guşə və sərgilərlə tanışlıqdan sonra tamaşaçılar yeni kinoteatrda ilk filmə tamaşa etmişlər.