Çinli voleybolçu: Bakı kiçik Dubaya bənzəyir – MÜSAHİBƏ
Bakı, 5 mart, AZƏRTAC
“Azərreyl”in çinli voleybolçusu Jiarui Yu AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-“Azərreyl” klubuna keçidiniz necə baş tutdu?
- Azərbaycandan olan təklif mənə cəlbedici gəldi. Buraya gəldiyim ilk gündən hər kəs mənə isti münasibət göstərir. Xoşbəxtəm ki, “Azərreyl”ə transfer oldum. Bu klubu çox sevirəm.
- Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
-Azərbaycana gəlmədən öncə ölkənizlə bağlı araşdırma apardım. Bakıda maraqlı köhnə və yeni binalar var. Şəhərin mənzərəsi çox möhtəşəmdir. Paytaxtınız kiçik Dubaya bənzəyir.
-Daha əvvəl ölkəmiz barədə məlumatınız var idi?
-Bəli, daha öncə Azərbaycan voleybolu haqqında eşitmişdim.
- Bakıda ən sevdiyiniz yerlər haradır?
-Hələ ki çox yerini gəzməyə vaxtım olmayıb. Ancaq axşam olan zaman şəhərin işıqları möhtəşəm olur. Bakı ilə bağlı xatirə şəkilləri çəkdirmək istəyirəm.
- Bəs, Azərbaycan mətbəxindən ən çox hansı yeməkləri bəyənirsiniz?
- Yeməklərinizə tam olaraq öyrəşə bilməmişəm (gülür). Ancaq maraqlı mətbəxiniz və mədəniyyətiniz var. Əlbəttə ki, bunları yoxlayacağam.
-Karyeranızda ilk dəfə olaraq ölkə xaricində çıxış edirsiniz. Bu, sizə problem yaratmadı?
-Düşünürdüm ki, Avropada müəyyən çətinliklərlə qarşılaşa bilərəm. Lakin hər şey əksinə oldu. Buradakı komanda yoldaşlarım mənə dəstək olurlar. Onların sayəsində özümü evimdəki kimi hiss edirəm.
-Çin voleybolunun hazırkı durumu hansı səviyyədədir?
-Çin voleybolunda rəqabət səviyyəsi daha yüksəkdir, lakin həll ediləsi bir çox problem var. Artıq milli komandada gəncləşdirmə siyasəti aparılır. Yeni nəsil oyunçular ölkə voleybolunun inkişafına kömək edəcəklər.
-Karyeranızı Azərbaycanda davam etdirmək barədə qərar aldığınız zaman dostlarınız bunu necə qarşıladı?
-Çindəki ailəm və dostlarım Azərbaycan haqqında tez-tez məlumat alırlar. Mən onlara bu şəhərin möhtəşəm olduğunu və həyatımdan zövq aldığımı deyirəm.
- Sizcə, komandanız bu mövsüm ölkə çempionatını hansı pillədə bitirə bilər?
-Hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşmışıq. Mövsümün sonunda çempion olacağımıza inanırıq və özümüzdə bu gücü hiss edirik. Bunun üçün çox çalışırıq.