“ÇIRAQ”DAN 250 MİLYON BARREL NEFT HASİL EDİLMİŞDİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Çıraq” platforması fəaliyyətə başlayandan indiyədək fasiləsiz işləmişdir. Cari il iyunun 8-də isə bir gün ərzində rekord səviyyədə- 143446 barrel neft çıxarılmışdır. Ötən müddətdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf mühitin qorunması sahəsində də uğurlu nəticələr əldə olunmuşdur. Bundan əlavə, 2003-cü ilin noyabr ayında platformanın İSO-14001 sertifikatı yenidən təsdiq edilmişdir.
Bu ilin əvvəlindən bəri platformadan gündə orta hesabla 129000 barrel neft çıxarılmış, həmçinin hasilat əməliyyatları plana uyğun davam etmişdir. Yalnız yanvar-fevral aylarında tankerlər hava şəraitinin pisləşməsi ilə əlqədar Türkiyə böğazlarında yığılıb qaldığı üçün hasilatın səviyyəsi bir qədər aşağı salınmış və səmərəlilik 96 faizdən yuxarı qalxmamışdı. Sonrakı aylarda isə bu kəsir aradan qaldırılmışdır.
bp-Azərbaycan şirkətinin “Çıraq” və dərin sulu “Günəşli” obyektləri üzrə meneceri Deyv Laçans demişdir ki, “Çıraq” platforması dünya səviyyəli bir obyekt kimi fəaliyyət göstərmiş və burada çalışan insanların gərgin əməyi nəticəsində yüksək nailiyyətlər qazanılmışdır. Bu gün platformada 250 nəfər adam işləyir və onların 85 faizi Azərbaycan vətəndaşlarıdır.
Xatıladaq ki, “Çıraq” platforması Xəzərin Azərbaycan sektorunda, Bakı şəhərindən 120 kilometr şərqdə yerləşir. Burada suyun dərinliyi 120 metrdir.