Çövkən oyunu üzrə dördüncü Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, dörddəbir final mərhələsi çərçivəsində oktyabrın 21-də keçirilən görüşlərdə “Sərhədçi” komandası “Ağcabədi”ni 7:0, “Ağstafa” kollektivi “Laçın”ı 1:0, “Qarabağ Ağdam” kollektivi isə “Köhlən”i 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Dördüncü yarımfinalçı isə “Polad” komandası olub. “Şəki” bu mərhələnin görüşünə qatılmadığı üçün komandaya texniki məğlubiyyət verilib.
Beləliklə, oktyabrın 22-də keçiriləcək yarımfinal oyunlarında “Qarabağ Ağdam” komandası “Polad”, “Sərhədçi” kollektivi isə “Ağstafa” ilə qarşılaşacaq.
Çempionatın final mərhələsi oktyabrın 24-də keçiriləcək.
Ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.