Ciu-citsu üzrə ümumrespublika seminarı keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında ümumrespublika seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda açılış sözü ilə çıxış ictimai birliyin prezidenti Aqil Acalov Azərbaycanın Zəfər tarixi və bu yolda xalqımızın mübarizə əzminin əhəmiyyətindən danışıb, tarixi hadisələrin unudulmaması və təbliğ olunmasının vacibliyini vurğulayıb.
Bildirib ki, tarixi Zəfərə imza atmış ölkə başçısının ətrafında sıx birləşmək və hər sahədə yeni uğurlar əldə etmək yetişməkdə olan nəslin əsas istiqamətləri olmalıdır.
Öz növbəsində İB-nin təsisçisi, Braziliya Ciu-citsu idman növünün Azərbaycanda banisi, Birinci Qarabağ müharibəsi veteranı Taleh Həsənov çıxışında dəmir yumruq ətrafında sıx birləşməyin qələbəyə gedən yolda vacibliyindən söz açıb, ölkəmizin inkişafında uşaq və yeniyetmələrə olan böyük ümidlər və inam barədə fikirlərini bölüşüb.
Daha sonra ictimai birliyin sədr müavini Anar Səfərov idmançılara uğurlar arzulayıb, yetişməkdə olan gənc nəslin onlara təqdim olunan imkanlardan mümkün qədər yararlanmaqla ən yüksək nailiyyətlər əldə etməyə çalışmalı olduqlarını, qalib Azərbaycan bayrağını ölkə hüdudlarından kənarda daim ən yüksəkdə dalğalandıracaqlarına inandıqlarını vurğulayıb.
Seminarda iştirak edən 100-ə yaxın uşaq və yeniyetmə attestasiyadan keçərək müxtəlif idman dərəcələri alıb.