“Critical Infrastructure Defence Challenge 2023”ün birinci günü yekunlaşıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində “Yeni nəsil kibertəhdidlər” mövzusunda üçüncü panel iclası baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Panel iclasında moderator “Enabling trust in Cybersecurity innovations - KPMG” şirkətinin nümayəndəsi Ümit Yalçın Şen olub.
İclasda “Asiyada ağıllı və təhlükəsiz şəhərlər” - “Motorola solutions” şirkətinin Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Türkiyə üzrə satış öncəsi mühəndislik meneceri Nabil Sardouk, “Managed Services in İnfosec” - “R.I.S.K Company” Elmi İstehsalat Şirkətinin informasiya təhlükəsizliyi üzrə eksperti Melih Özhan, “Süni zəka ilə dəstəklənən kiberrisklər” - CISO “NSC” şirkətinin informasiya təhlükəsizliyi üzrə baş mütəxəssisi Cuma Kurt və "Kibertəhlükəsizlik və Süni intellekt" - BnB security Alliance-ın texniki direktoru Məmməd Məmmədov, "Rising Identity Threats” - “Forestall” şirkətinin həmtəsisçisi Atanur Serkan Elmasoğlu çıxış ediblər.
Qeyd olunub ki, qloballaşan dünyada internet və onun üzərindən reallaşdırılan xidmətlərin istifadəsi və tətbiqi geniş vüsət alıb. Bu səbəbdən bədniyyətlilər müxtəlif metod və vasitələrdən istifadə edərək kibertəhdidlər yaradır və kiberhücumlar həyata keçirirlər. Kiberhücumların aşkarlanması və qarşısının alınması üçün çoxsaylı təhlükəsizlik metodlarından istifadə edilir. Lakin son illərdə zərərli proqram nümunələrinin sayı və müxtəlifliyinin əhəmiyyətli dərəcədə artması yeni nəsil kiberhücumlar qarşısında ənənəvi təhlükəsizlik yanaşmalarını səmərəsiz edir.
İclasda kibertəhlükələrin intellektual analizi texnologiyaları, müvafiq sahədə mövcud problemlər, həmçinin kibertəhdidlərdə süni intellekt texnologiyaları barədə məlumat verilib.
Bununla da “Critical Infrastructure Defence Challenge 2023”ün birinci günü yekunlaşıb.