“Crystal Group of Companies”dən Türkiyəyə dəstək
Bakı, 11 fevral, AZƏRTAC
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına, xəsarət alan insanların öz sağlamlıqlarına qovuşması üçün görülən işlərə dəstək verilməsi, görülən təxirəsalınmaz işlərə kömək üçün “Crystal Group of Companies” ailəsi adından Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin “Afet ve Acil Durum Yönetimi Başkanlığı” - AFAD-a 200 min türk lirəsi ianə edilib.
AZƏRTAC xəbər verir ki, “Crystal Group of Companies” hər bir azərbaycanlını ağır günlərdə qardaş Türkiyə dövlətinə dəstək olmağa çağırıb.
Qeyd edək ki, qardaş Türkiyədə baş vermiş şiddətli zəlzələ hər bir azərbaycanlını sarsıtdı. Zəlzələ nəticəsində həlak olanlara Allah rəhmət eləsin, doğmalarına səbir və güc versin. Azərbaycan hər zaman olduğu kimi, yenə də türk qardaşlarının yanındadır. Birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, çətinliklərdən və sınaqlardan birlikdə mətinliklə çıxmaq Azərbaycan xalqının ən ali keyfiyyətlərindən biridir. Zəlzələnin ilk saatlarından Türkiyənin yanında olmaq, qardaşlıq və dostluq münasibətlərinin möhkəmliyinin və sarsılmazlığının əyani sübutudur. Humanizm, mərhəmət prinsipləri, yardımsevərlik Türkiyə-Azərbaycan münasibətlərinin başlıca prinsipidir.