Culfa rayonunda bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə seminar təşkil olunub
Culfa, 16 dekabr, AZƏRTAC
Qanunvericiliyin tələbləri əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir və onlara metodoloji yardım göstərilməsi sahəsində tədbirləri davam etdirir.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sahədə görülən işlərin davamı olaraq növbəti tədbir Culfa rayonunda təşkil olunub.
Nazirliyin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda keçirilən seminarda Culfa rayon bələdiyyə sədrləri və bələdiyyə qulluqçuları iştirak edib.
Seminarda bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri, bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı, bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri mövzularından danışılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Nazirliyin əməkdaşları tərəfindən bələdiyyə sədrlərinə “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətlərinə dair” metodiki vəsait təqdim olunub.