Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bununla da indiyədək “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 110-a çatıb. “Startap” şəhadətnamələri "Kipias" MMC-nin təmir-dizayn işini asanlaşdıran onlayn platforması, fiziki şəxs Ramin Əkbərovun rəqəmsal biznes şəbəkəsi platforması, "Baku Carsharing Company" MMC-nin avtomobillərin icarəsi üçün proqram təminatı, "Parqour" MMC-nin parkinq üçün proqram təminatı, "Yeni Zeon" MMC-nin mütəxəssislər üçün onlayn xidmət layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə formasını, lazım olan digər sənədləri, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından öyrənmək olar.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında “Startap” şəhadətnaməsinin verilməsi üçün KOBİA-ya mikro və kiçik sahibkarlardan 77 müraciət daxil olub. Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurasının rəyi əsasında 23-ü mikro, 1-i kiçik sahibkar olmaqla 24 KOB subyektinə şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi almış layihələr təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir.