DAHİ SÖZ USTADI ŞAİR SƏMƏD VURĞUNUN YUBİLEYİ QAZAXDA GENİŞ QEYD OLUNMUŞDUR
Yubiley tədbirləri Qazax rayonunun giriş qapısı sayılan diliboz at abidəsinin önündən başlanmışdır. Mərasim iştirakçıları Dədə Qorqud abidə kompleksi ilə maraqla tanış olmuşlar. Milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Qazaxda ucaldılmış möhtəşəm abidəsi önünə əklil və tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Sonra Vurğunsevərlər şairin doğulduğu Yuxarı Salahlı kəndinə gəlmişlər. Burada məktəblilər tədbir iştirakçılarını şairin şeirlərinin ifası ilə qarşılamışlar. Səməd Vurğunun qızı Aybəniz Vəkilova atasının xatirəsini uca tutan dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir. Yubiley mərasiminin iştirakçıları ötən əsrin 70-ci illərində tikilmiş və Prezident İlham Əliyevin tapşırığı ilə yenidən qurularaq şairin yubileyi ərəfəsində istifadəyə verilmiş Səməd Vurğun Poeziya Evində də olmuşlar. Yerli şairlər qonaqları unudulmaz şairin şeirləri ilə salamlamışlar. Onlar, həmçinin vaxtilə Səməd Vurğunun təhsil aldığı Qori Müəllimlər Seminariyasının Qazax filialında olmuş və burada şairin maqnitofon lentinin yaddaşında əbədiləşən səsini dinləmişlər.
Yubiley tədbiri Qazax rayonunun mədəniyyət sarayında davam etdirilmişdir. Əvvəlcə şair Barat Vüsal Səməd Vurğunun Azərbaycan poeziyasındakı yeri barədə ətraflı söz açmışdır. Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Zəlimxan Yaqub, şair İlyas Tapdıq, yazıçı Natəvan Dəmirçioğlu, akademik Teymur Bünyadov, Qazaxda yaşayıb-yaradan şair Mustafa Rasimoğlu, əməkdar artist Ağalar Bayramov Azərbaycanın poetik xəritəsini yaratmış Səməd Vurğunun sənət işiğına toplaşanlara poeziya çələngi təqdim etmişlər. Qazax Dövlət Dram Teatrının kollektivi “Vaqif” dramından səhnələr göstərmişlər. Səməd Vurğunun yaradıcılığının tədqiqi və təbliğində xidmətləri olanlara Rayon İcra Hakimiyyətinin təsis etdiyi “Səməd Vurğun-100” xatirə medalı təqdim olunmuşdur.
Sonda Milli Məclisin deputatı Vaqıf Səmədoğlu atasının xatirəsinə göstərilən ehtiramı bütövlükdə Azərbaycan ədəbiyyatına qayğı və diqqət kimi dəyərləndirmiş və minnətdarlığını bildirmişdir.
Qazax rayonunda Səməd Vurğunun yubiley tədbirləri mədəniyyət və incəsənət ustalarının geniş konsert proqramı ilə yekunlaşmışdır.