Daniel Rikkardo: Sürətli maşını idarə etmək heç də həmişə asan deyil
Bakı, 29 dekabr, AZƏRTAC
Sona çatan il yəqin ki, Daniel Rikkardonun Formula 1 çempionatında bütün karyerası ərzində ən qeyri-adi il olub. “McLaren” ilə uğursuz əməkdaşlıq dövründən sonra avstraliyalı “Red Bull Racing” komandasına qayıdıb. Orada onu yenidən doğma insan kimi qəbul ediblər, amma mövsümün birinci yarısında yalnız rezerv pilot olub. Lakin yayda “Alpha Tauri”də Nik de Vrizlə əməkdaşlıqdan imtina olunduqdan sonra Rikkardonun xidmətlərinə ehtiyac yarandı. Sıraya qayıtmazdan əvvəl o, Silverstounda “Red Bull Racing”in RB19 bolidində “Pirelli” testlərində işləyib.
AZƏRTAC “F1news.ru” saytına istinadla xəbər verir ki, “Beyond the Grid” podkastında iştirak edən Daniel mövsümün 22 yürüşündə Maks Ferstappen və Serxio Peresin 21 qələbə qazandığı maşından aldığı təəssüratlar barədə ətraflı söhbət açıb. O deyib: “Bəli, bu nəsil maşınlar 2021-ci ildən bəri nəzərəçarpacaq dərəcədə dəyişib, daha effektli olublar. Məhz bunun sayəsində testlər mənim üçün yaxşı keçdi. Mən onu da hiss etdim ki, RB19 qismən əvvəlki təcrübəmdə hələ də xatırladığım xarakterik keyfiyyətlərə malikdir (Daniel 2014-2018-ci illərdə “Red Bull”da çıxış edib). Yürüş maşınlarında məhz bu keyfiyyətlər həmişə xoşuma gəlib.
RB19-da ən çox xoşuma gələn o idi ki, mən maşını istədiyim kimi idarə edə bilirdim. Bu, onun üstünlüklərini izah etməsə də, dərhal xoşuma gəldi.
Sürətli maşını idarə etmək heç də həmişə asan deyil. Bolidin nə dərəcədə yaxşı olmasına baxmayaraq, yenə də ona yanaşma üsulu tapmaq lazımdır. Bir sözlə, maşın qeyri-adidir, lakin o demək deyil ki, o, sənin üçün hər şeyi edir.
RB19 çox xoşuma gəldi. Onu idarə etməkdən zövq aldım və yenidən sükan arxasına dönməyim əla oldu. Həmin an mən gözləmirdim ki, artıq növbəti həftə məni “Alpha Tauri”yə çağıracaqlar. Bunun çempionatın yay fasiləsi zamanı baş verəcəyini düşünürdüm.
Lakin bu xəbəri mənə deyəndə və testlərdən sonrakı əhvalımı nəzərə alanda mən belə fikirləşdim: “Mən hazıram, gəlin, belə də edək”.