Daşkənddə soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Daşkənd, 30 mart (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirmişdir. Tədbirdə Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
AMM-in həyətindəki monitorda erməni millətçilərinin Azərbaycana qarşı apardığı təcavüzlə əlaqədar sənədli filmlər nümayiş etdirilmişdir.
Mərkəzin foyesində Azərbaycan, rus və ingilis dillərində tərtib edilmiş stendlərdə 1918-ci ilin mart hadisələrini əks etdirən fotoşəkillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı və 20 Yanvar faciələri ilə əlaqədar kitablar nümayiş olunmuşdur.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev soyqırımının yaranma səbəbləri haqqında məlumat vermiş, ermənilərin zaman-zaman azərbaycanlıların başına gətirdikləri cinayətlərdən danışmışdır.
A.Əliyev qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
O erməni cinayətlərinin, erməni riyakarlığının bütün dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulamışdır.
Səfirliyin ikinci katibi Səbuhi Əhmədovun sənədli fotoşəkillər əsasında “31 mart 1918-ci il” və “Tarixin saxtalaşdırılması” mövzusunda məruzələri iştirakçılarda böyük maraq doğurmuşdur.
Çıxışlarda erməni şovinistlərinin törətdikləri qırğınların geniş miqyası, öz cinayətlərini ört-basdır etməyə çalışan erməni quldurlarının saxtakarlığı haqqında ətraflı məlumat verilmişdir.
Tədbirdə işğal edilmiş Azərbaycan torpaqlarında ermənilər tərəfindən tarixi-mədəni abidələrimizin dağıdılması, təbii sərvətlərimizin talan olunmasına həsr edilmiş “Təbiətin çağırığı” adlı sənədli film də nümayiş etdirilmişdir.
Tədbir iştirakçılarına soyqırımı ilə əlaqədar məlumatlar toplusu paylanılmışdır. Qeyd edilmişdir ki, belə məlumat topluları Özbəkistanın dövlət qurumları və ictimai təşkilatlarına, səfirlik və nümayəndəliklərə, KİV-lərə göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd