DAXİLİ İŞLƏR NAZİRİ UKRAYNANIN ÖLKƏMİZDƏKİ YENİ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov yanvarın 26-da Ukraynanın ölkəmizə yeni təyin edilmiş səfiri Anatoli Yurçenko ilə görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik etmiş, diplomatik fəaliyyətində uğurlar arzulamış və ölkəmizdəki kriminogen durum, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün ötən illər ərzində görülən işlər barədə danışmışdır. Nazir qeyd etmişdir ki, 1993-cü ildə zəngin dövlətçilik təcrübəsinə malik ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycanı demokratik inkişaf yoluna çıxardı, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər baş verdi. 1995-ci ilin sonlarından isə kriminogen durum da tədricən nəzarət altına alındı. Bir neçə ildir ki, ölkəmiz MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur.
Daha sonra general-polkovnik Ramil Usubov strateji tərəfdaş olan Azərbaycan və Ukrayna daxili işlər orqanlarının səmərəli əməkdaşlığının hər iki ölkənin dövlət başçılarının apardığı siyasətə uyğun olduğunu bildirmişdir. Ramil Usubov xatırlatmışdır ki, Azərbaycan və Ukrayna Daxili İşlər nazirliklərinin əməkdaşlığına dair ikitərəfli Saziş mövcuddur. Eyni zamanda, MDB çərçivəsində qəbul edilmiş çoxtərəfli müqavilələrdə tərəfdaş olan hər iki ölkənin nazirlikləri Daxili İşlər Nazirləri Şurasının iclaslarında da fəal iştirak edir, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və GUÖAM çərçivəsində məhsuldar iş birliyini davam etdirirlər.
Görüş zamanı general-polkovnik Ramil Usubov son illər axtarışda olan və Ukrayna ərazisində gizlənmiş onlarla təhlükəli cinayətkarın yaxalanaraq Azərbaycana ekstradisiya olunmasını xüsusi minnətdarlıqla vurğulamışdır.
Səfir Anatoli Yurçenko səmimi söhbətə görə təşəkkür edərək Ukrayna ilə Azərbaycan arasında əlaqələrin hər iki ölkə prezidentlərinin siyasətinə uyğun olaraq daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Görüş səmimilik və mehribanlıq şəraitində keçmişdir.