DAXİLİ İŞLƏR NAZİRLİYİ POLİS AKADEMİYASININ ƏYANİ ŞÖBƏSİNİ BİTİRMİŞ MƏZUNLAR YENİ VƏZİFƏLƏRƏ TƏYİN OLUNMUŞLAR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin kadrların düzgün seçilib-yerləşdirilməsi və bu sahədə şəffaflığın, aşkarlığın və ədalət prinsiplərinin təmin edilməsi siyasətinə uyğun olaraq keçirildiyini qeyd etmiş, bu məqsədlə Polis Akademiyasının məzunu olan 145 nəfərin nazirliyə dəvət olunduğunu bildirmişdir. Respublikamızın müxtəlif ərazisi polis orqanlarının göndərişi ilə Polis Akademiyasında təhsil almış 51 məzunun əvvəlki xidmət və yaşayış yerləri nəzərə alınmaqla təyinatı barədə əmrin hazırlanması və hazırda respublika daxili işlər orqanlarında təxminən 90 vakant yerin olduğu barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, qalan məzunların təyinat məsələsi isə yaxın iki ay ərzində müsbət həllini tapacaqdır.
Sonra nazirliyin Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov çıxış edərək, Polis Akademiyasını bitirmiş məzunların respublika daxili işlər nazirinin göstərişi və bilavasitə rəhbərliyi ilə ərazi polis orqanlarına şəffaflıq, aşkarlıq şəraitində təyin olunması prosesinin şəxsi heyət tərəfindən rəğbətlə qarşılandığını qeyd etmiş, cari ildə də təyinat məsələlərinin özünü doğrultmuş bu üsulla həlli üçün şəxsən nazir tərəfindən Baş Kadrlar İdarəsinə müvafiq göstəriş verildiyini demişdir. Bildirilmişdir ki, bu il Polis Akademiyasını 168 müdavim bitirmiş, o cümlədən 5 nəfərə fərqlənmə diplomu verilmişdir. Məzunların ikisi Rusiya Federasiyası Dağıstan Respublikasının, üçü Gürcüstanın vətəndaşı olduğu üçün həmin ölkələrin Daxili İşlər nazirliklərinin sərəncamına göndərilmişlər. Həmçinin Naxçıvan MR-dən qəbul olunmuş 12 nəfər muxtar respublika Daxili İşlər Nazirliyinə, 1 nəfər isə Xüsusi Dövlət Xidmətinin sərəncamına ezam edilmişlər.
Daha sonra polis general-mayoru M.Əsgərov ərazi polis orqanlarından akademiyaya göndərişlə gəlmiş məzunların 51 nəfərinin əvvəlki xidmət və yaşayış yerləri nəzərə alınmaqla təyinatı barədə əmrin layihəsini və Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş məzunlara təklif olunan vakant yerləri elan etmişdir. Əlaçı məzunlar Bakı şəhərində müstəntiq vəzifələrində işləmək arzularını bildirmiş və onların bu arzusu DİN rəhbərliyi tərəfindən elə yerindəcə müsbət həllini tapmışdır. Həmçinin, paytaxtın polis orqanlarında boş qalmış 35 vəzifəyə təyinat püşkatma yolu ilə həyata keçirilmiş, həmin prosesdə iştirak etmiş 90 məzundan 35-i müxtəlif vəzifələrə təyin olunmuşlar.
Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları münasibətilə məzunları təbrik etmiş, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, gənc zabitlər Azərbaycan polisinin adını və şərəfini uca tutaraq, göstərilən etimadı layiqincə doğruldacaqlar.
Daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevin respublika daxili işlər orqanlarının fəaliyyətinə çox böyük önəm verdiyini, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə hər zaman xüsusi diqqət yetirdiyini və ölkədə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasını, cinayətkarlıqla qətiyyətli mübarizəni, ictimai asayişin nümunəvi təminini əsas vəzifə kimi qarşımıza qoyduğunu vurğulamışdır. General-polkovnik Ramil Usubov gənc zabitlər də daxil olmaqla daxili işlər orqanlarının bütün şəxsi heyətindən tələb etmişdir ki, ölkəmizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün əllərindən gələni etsinlər, var qüvvələrini əsirgəməsinlər.
Ramil Usubov DİN rəhbərliyinin şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, cinayətkarlıqla mübarizənin uğurla aparılmasına hər zaman diqqət yetirdiyini və bu prosesin davamlı olacağını qeyd etmişdir. O, məzunların Polis Akademiyasında aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq edəcəklərinə, gələcək fəaliyyətlərində qarşılarına çıxan çətinliklərin öhdəsindən layiqincə gələcəklərinə, bütün sınaqlardan alnıaçıq, üzüağ çıxacaqlarına, Azərbaycan xalqına, Azərbaycan dövlətinə və Prezidentinə sədaqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirmişdir.