DAXİLİ İŞLƏR NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlərə, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində görülən işlərin, əlaqədar dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişdir.
Nazir kriminogen vəziyyətin nəzarətdə saxlandığını, bu sahədə ötən il və cari ilin səkkiz ayında təqdirəlayiq göstəricilər qazanıldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasında müsbət təmayüllərin qorunduğunu vurğulamışdır. O, müzakirəyə çıxarılmış hər iki məsələ üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyü ilə yanaşı, istər mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində yerlərdə fəaliyyətin təşkilində müəyyən nöqsanların mövcudluğunu da qeyd etmişdir.
Gündəlikdəki birinci məsələ barədə məruzələrlə Cinayət Axtarışı Baş İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev çıxış etmişlər.
Qeyd olunmuşdur ki, mülkiyyət əleyhinə cinayətlərin törədilməsinin səbəbləri hər iki Baş İdarə tərəfindən müntəzəm olaraq təhlil edilmiş, bu istiqamətdə fəaliyyətin səmərəliliyinin artırılması üçün müəyyən işlər görülmüşdür. Həyata keçirilmiş tədbirlər nəticəsində cari ilin ötən dövrü ərzində mülkiyyət əleyhinə 2367 cinayətin açılması təmin edilmiş, həmin cinayətlərə görə 1684 şəxs müəyyən olunmuş, axtarışda olan 459 nəfər tutulmuşdur. Bununla yanaşı, bəzi şəhər, rayon polis orqanları tərəfindən kriminogen vəziyyətə mənfi təsir göstərən amillərin qarşısının vaxtında alınması üçün müvafiq tədbirlərin görülməməsi nəticəsində respublika üzrə mülkiyyət əleyhinə törədilən cinayətlər artmışdır.
Qeyd olunmuşdur ki, Bakı şəhərində həmin cinayətlərin dinamikasında nəzərəçarpan artım uçot-qeydiyyat intizamının daha da möhkəmləndirilməsi, xüsusilə “102” xidməti - Zəng Mərkəzi sisteminin fəaliyyətə başlamasından sonra bu və ya digər cinayətlə bağlı daxil olan məlumatlara yerlərdə baxılıb qərar qəbul edilməsində yaranmış dönüşlə əlaqədardır.
Baş İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini, polis polkovniki Bağır Bağırov gündəlikdəki ikinci məsələ barədə çıxış etmişdir.
Bildirmişdir ki, son illər yeniyetmə və gənclərin hüquqlarının müdafiəsinə, fiziki, əqli və mənəvi inkişafına şərait yaradan bir sıra qanunların, dövlət və hökumət proqramlarının qəbul edilməsi ilə əlaqədar dövlət qurumları, o cümlədən daxili işlər orqanları qarşısında konkret vəzifələr qoyulur. Onların icrasına xüsusi diqqət yetirilmiş, müəyyən təşkilati və əməli tədbirlər görülmüşdür. Yetkinlik yaşına çatmayanların cəmiyyətə zidd əməllərə cəlb edilməsinin qarşısının alınması diqqət mərkəzindədir. Bu istiqamətdə polisin əlaqədar xidmətləri dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə 1437 reyd və yoxlama keçirmişdir.
Müzakirələrdə çıxış edənlər görülmüş işlər barədə danışmış, mövcud nöqsan və çatışmazlıqların ilin sonunadək aradan qaldırılacağına söz vermişlər.
İclasa yekun vuran nazir Ramil Usubov gündəlikdəki hər iki məsələ üzrə polis orqanları tərəfindən görülən işlərin qənaətbəxş olduğunu, eyni zamanda, xidməti fəaliyyətdə bəzi çatışmazlıqların mövcudluğunu bir daha xatırladaraq, konkret tapşırıq və tövsiyələrini vermişdir. Natiq əməliyyat-axtarış tədbirlərinin imkanlarından istifadə etməklə cinayət törətməsi ehtimal olunan şəxslər, qruplar arasında dayanıqlı əməliyyat mövqelərinin yaradılmasının, ağır cinayətlər törətmiş qrupların üzvlərinin və təşkilatçılarının müəyyən edilməsinin, cinayətlərin qarşısının alınmasının, açılmasının və axtarışda olan təqsirləndirilən şəxslərin tutulmasının vacibliyini nəzərə çatdırmışdır.
Daha sonra general-polkovnik Ramil Usubov kollegiya iştirakçılarının diqqətini aktual hesab etdiyi digər məsələlərə yönəltmişdir. O, respublikamızın ictimai-siyasi həyatında çox mühüm hadisə olan prezident seçkilərinə hazırlıq və seçki dövründə qarşıda duran vəzifələrdən danışmışdır. Məlumat vermişdir ki, bununla əlaqədar nazirlik tərəfindən xüsusi tədbirlər planı hazırlanıb yerlərə göndərilmişdir. Nazir öz konstitusion hüququnu reallaşdırmaq üçün ölkəmizin hər bir vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin, seçkilər ərəfəsində və səsvermə günü ictimai təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Diqqəti əməkdaşların hər hansı bir formada seçki prosesinə müdaxilə etmələrinin yolverilməzliyinə, tutduğu vəzifədən asılı olmayaraq, bunun üçün hər bir əməkdaşın şəxsən məsuliyyət daşıdığına yönəltmişdir. Bildirmişdir ki, polisin qarşısında duran vəzifələr yalnız seçki qanunvericiliyinin tələblərinə və müəyyən edilmiş qaydalara əməl etməkdir.
R.Usubov demişdir ki, şəxsi heyət cinayətkarlıqla uğurlu mübarizə və ictimai təhlükəsizliyin təmin olunması işini bundan sonra da layiqincə davam etdirəcəkdir. Azərbaycan polisi ölkəmizin inkişafının və qüdrətlənməsinin əsas şərtlərindən olan sabitliyin dönməzliyinin təminatı, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
######
