“Debüt” Uşaq teatrı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində çıxış edib
Bakı, 30 noyabr, AZƏRTAC
“Debüt” Uşaq teatrı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində çıxış edib. Gənc artistlər tamaşaçıların diqqətinə “Ağ şəhərdə Milad bayramı” tamaşasını təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Anna İbrahimbəyova tədbiri açaraq qonaqları salamlayıb, gənc aktyorlara səmimi arzularını çatdırıb.
Tamaşadan əvvəl Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında 2 nömrəli uşaq bağçasında tərbiyə alan uşaqlar şərq üslubunda rəqs ifa ediblər. Sonra gecənin qonaqları "Ağ şəhərdə Milad" nağılının baş qəhrəmanının - bayramı və doğma şəhərini dəhşətli tilsimlərdən xilas edən cəsur oğlanın yaşadığı uzaq şimal ölkəsinə xəyali səyahət ediblər. Möhtəşəm hekayə Baş meydanda gənc vokalçı Teymur Qarayevin ifasında Milad mahnısının sədaları altında parlaq bayramla başa çatıb.
Uşaq teatrının rəhbəri Vəfa Qavrilova bu tədbirin həyata keçirilməsində köməyi olan hər kəsə, teatrın fəaliyyətini daim dəstəkləyən Bakıdakı Rus evinə, şəhərin ən yaxşı yaradıcı məkanlarından birində - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində çıxış etmək imkanı yaradan Anna İbrahimbəyovaya, layihəyə dəstək verən “İçərişəhər” qoruğu rəhbərinin müavini İradə Qasımovaya, kiçik artistlərin çox sevdikləri gözəl hekayəyə görə dramaturq, yazıçı, pyesin müəllifi Anara Axundovaya minnətdarlığını bildirib.
Tədbir tamaşada iştirak edən aktyorlara Rus evindən hədiyyələrin və “Debüt” teatrının diplomlarının təqdim edilməsi ilə başa çatıb.