Demokratlar hüquq-mühafizə orqanlarında islahat haqqında qanun layihəsi təqdim ediblər
Vaşinqton, 9 iyun, AZƏRTAC
ABŞ Nümayəndələr Palatasındakı demokratlar bazar ertəsi federal səviyyədə polisin fəaliyyətində genişmiqyaslı islahatlar, o cümlədən cinayət işləri və mülki işlər üzrə məhkəmələrdə polis zabitlərinin məhkəmə təqibini asanlaşdıran tədbirlər haqqında yeni qanun layihəsini təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinin təfərrüatı bazar ertəsi keçirilmiş mətbuat konfransında “Konqresdə qaradərililər məclisi”nin üzvləri, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatda demokratların lideri Çarlz Şumer başda olmaqla bir qrup demokrat tərəfindən açıqlanıb.
Billin açıqlanmasından əvvəl bir neçə qanunverici Kapitoli binasındakı Nicat Zalında 8 dəqiqə 46 saniyə ərzində diz çökərək Minneapolis polisinin hərəkətləri nəticəsində vəfat etmiş Corc Floydun xatirəsini yad edib.
“Polis ədaləti haqqında 2020-ci il aktı” adlanan qanun layihəsində vəzifə cinayətləri törətmiş polis zabitlərinin məhkəmə təqibi üçün federal standartların qüvvədə olma müddətinin azaldılması, polis əməkdaşlarını mülki iddialardan qoruyan “Peşə toxunulmazlığı haqqında” Qanuna yenidən baxılması, vəzifə cinayətləri barədə məlumatların milli bazasının yaradılması və digər genişmiqyaslı islahatların həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın Vaşinqton bürosu