Dendrologiya İnstitutunda aparılan elmi-tədqiqat işlərinin nəticələri müzakirə olunub
Bakı, 4 avqust, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda 2021-ci ilin I yarısında aparılan elmi-tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verilib. Dendrologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun sədrliyi ilə keçirilən iclasda cari ilin ilk 6 ayı ərzində müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin hesabatı müzakirə olunub.
İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyət, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında geniş məlumat veriblər. Aparılan tədqiqat işləri və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparılıb.