Deputat: Bəziləri Azərbaycanın öz suveren ərazilərini tam bərpa etməsi ilə barışa bilmir
Bakı, 6 oktyabr, AZƏRTAC
Fransa da başda olmaqla, bir sıra ölkələr Azərbaycanın öz suveren ərazilərini tam bərpa etməsi ilə barışa bilmir. Bu, onların problemidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin oktyabrın 6-da keçirilən iclasında Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli mövqeyinə və qəbul etdiyi növbəti qətnaməsinə münasibət bildirərkən səsləndirib.
Avropa Parlamentinin qəbul etdiyi qətnamə və qərarların ölkəmiz üçün zərrə qədər əhəmiyyəti olmadığını qeyd edən Vahid Əhmədov bu qurumun qərəzli mövqeyinin Azərbaycan üçün təəccüblü olmadığını deyib.
Bildirib ki, Ermənistan vaxtilə Azərbaycan əhalisinə qarşı etnik təmizləmə apardığı halda, ölkəmizin Qarabağı öz xoşu ilə tərk edən mülki əhaliyə qarşı humanist münasibəti hər kəsə məlumdur.
Vahid Əhmədov vurğulayıb ki, Azərbaycanı ədalətli mövqeyindən heç bir qüvvə döndərə bilməz.