DİN rəsmisi: Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və maarifləndirmə önəmlidir
Bakı, 16 iyul, AZƏRTAC
“Vətəndaş məmnunluğunu təmin etmək bu gün daxili işlər orqanlarının hər bir əməkdaşının qarşısında qoyulan əsas tapşırıqlardan biridir. Bu sahədə təbii ki, yol patrul xidməti əməkdaşlarının da xidmətini xüsusi vurğulamaq lazımdır”.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti idarəsinin şöbə rəisi Anar Qafarov “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.
“Bu gün yol hərəkəti təhlükəsizliyində bizi narahat edən əsas məsələlərdən biri də ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Bu məqsədlə polis əməkdaşları tərəfindən nəzarət və profilaktik tədbirlər davam etdirilir. Polis əməkdaşlarının mütəmadi olaraq apardıqları profilaktik tədbirlər zamanı sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır. Nəzərə alaq ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və maarifləndirmə önəmlidir”, - deyə A.Qafarov bildirib.
DİN rəsmisi diqqətə çatdırıb ki, cari ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb. O deyib: “Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb. İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Burada polisin başlıca vəzifəsi hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorumaq və yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaqdır.
Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq”.