Dodon Sandunu prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib
Kişineu, 16 noyabr, AZƏRTAC
Moldovanın fəaliyyətdə olan Prezidenti İqor Dodon “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Mayya Sandunu respublikanın rəhbəri vəzifəsinə seçkilərdə ilkin qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Dodon brifinqdə deyib: “İlkin nəticələrdən görünür ki, Mayya Sandu qalib gəlib. Mən onu ilkin qələbə münasibətilə təbrik edirəm, lakin seçki prosesində son nöqtə pozuntular barədə bütün məlumatlar yoxlanılandan sonra qoyulacaq”.
Dodon öz tərəfdarlarını seçkilərdən sonra etiraz aksiyalarına çıxmamağa çağırıb. O deyib: “Məni dəstəkləyənlərə müraciət etmək istəyirəm. Hörmətli həmvətənlər, seçicilərin demək olar ki, yarısı prezident vəzifəsinə mənim namizədliyimi dəstəkləyib. Mən sizi sakit olmağa çağırıram. Hər hansı etirazlar və sabitliyin pozulması əsla yolverilməzdir. Əgər küçəyə çıxmaq lazım gələrsə mən sizə deyərəm”.
Xatırladaq ki, noyabrın 15-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Moldova vətəndaşları qarşıdakı 4 il müddətinə dövlət başçısını seçirdilər. Seçkilərin ikinci turunda iddiaçılar ikinci müddətə namizədliyini irəli sürmüş İqor Dodon və keçmiş Baş nazir, “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Mayya Sandu idi.
Səsvermə protokollarının 100 faizi emal ediləndən sonra Seçki Komissiyasının saytında yerləşdirilmiş ilkin məlumata görə, Sandu seçicilərin 57,75 faizinin səsini toplayaraq qalib gəlir. Dodona seçicilərin 42,25 faizi səs verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu