Dövlət Baxçalı: Xocalı qanayan yaramız, ağlayan gözümüzdür
Ankara, 27 fevral, AZƏRTAC
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında Xocalı soyqırımını törədənləri və bu faciəyə biganə qalan beynəlxalq təşkilatları kəskin ittiham edib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin hər zaman haqq işində dost və qardaş Azərbaycanın yanında olacağını ifadə edən MHP sədri Dövlət Baxçalı deyib: “Xocalıda dünyanın gözü qarşısında soyqırımı həyata keçirilib. Xocalı qanayan yaramız, ağlayan gözümüzdür, Xocalı türk torpağıdır, əbədiyyətə qədər türk torpağı olaraq qalacaq. Niderland soyqırımı günahkarı axtarırsa Xocalıya baxsın”.
“Dağlıq Qarabağ və onun ətrafındakı işğal altında olan Azərbaycan torpaqları dərhal azad olunmalıdır”, - deyə fikirlərini davam etdirən Dövlət Baxçalı gündəlikdəki aktual məsələlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulara qarşı həyat keçirdiyi “Zeytun budağı” əməliyyatının nəticələrindən, Azərbaycan və Türkiyəyə münasibətdə davam edən ikili standartlardan, eləcə də birinci dünya müharibəsi illərində Türkiyədə baş vermiş hadisələrə qərəzli yanaşmadan danışıb.
Xocalı soyqırımının 26-cı ildönümündə faciə qurbanlarının xatirəsini bir daha ehtiramla anaraq, ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyən MHP sədri həlak olan insanların doğma və yaxınlarına, bütün Azərbaycan xalqına səbir və dözüm diləyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara