Dövlət-gənclər siyasəti muxtar respublikada uğurla reallaşdırılır
Naxçıvan, 29 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında bu gün hər bir sahədə inkişafın, tərəqqinin şahidi oluruq. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin vətənpərvərliklə davam etdirildiyi muxtar respublikada dövlətimizin prioritet istiqamətlərindən olan gənclər siyasəti də uğurla reallaşdırılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində keçirilən “Muxtariyyət illərində Naxçıvan gəncləri” adlı tədbirdə səsləndirilib.
Mərkəzin elmi katibi Emin Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın əhəmiyyətini diqqətə çatdırıb.
Bildirilib ki, gənclərin potensialından istifadə olunması, onların sosial müdafiəsinin, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli “Naxçıvanda gənclər siyasəti”, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli “Muxtariyyət və gənclik” mövzularında çıxış ediblər.
Vurğulanıb ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı nəticəsində bu gün onlar muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilir, xidmətləri qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun yaradılması, Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir. Ötən il Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı statusunu uğurla daşıması bir daha sübut etdi ki, muxtar respublikada Naxçıvan gəncliyinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkanlar vardır.
Sonda tədbir iştirakçıları muxtariyyətlə bağlı sərgi ilə tanış olublar.