Dövlət İdarəçilik Akademiyasında beynəlxalq vebkonfrans: İkinci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələri
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Suxumi Dövlət Universitetinin (Gürcüstan) birgə təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələri" mövzusunda beynəlxalq vebkonfrans keçirilib. Tədbir Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
DİA-dan AZƏRTAC-a bildirilib ki, onlayn konfransın iştirakçıları olan İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, səfir Namik Əliyev, Suxumi Dövlət Universitetinin rektoru, Gürcüstan Təhsil Elmləri Akademiyasının prezidenti, siyasi elmlər doktoru, professor Zurab Xonelidze, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında MDB və Baltikyanı ölkələr şöbəsinin keçmiş müdiri, birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova, Beynəlxalq “Şərq-Qərb” Geopolitik Proqnozlaşdırma Mərkəzinin prezidenti, Siyasi Araşdırmalar Dərnəyinin direktoru (Qazaxıstan), siyasi elmlər doktoru, professor Karlıgaş Nuğmanova, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə, Ruslan Şevçenko (Moldova), Şəlalə Həsənova (Azərbaycan), Arif Quliev, Alexander Manaçinski (Ukrayna), araşdırmaçı jurnalist Gintaras Visockas (Litva), Suxumi Dövlət Universitetinin dosenti Quram Markuliya və müxtəlif ölkələrdən bir çox görkəmli alim və tədqiqatçılar məruzə ilə çıxış ediblər.
Müzakirələrdə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Zəfəri, ermənilərə verilən şans, müharibənin geosiyasi nəticələri, İrəvanın məğlubiyyətində erməni mifinin rolu, Vətən müharibəsinə aparan tarixi yol, beynəlxalq hüquq böhranı, revanşizm, müharibədən sonrakı Ermənistan və s. mövzularda məruzələr təqdim edilib.
“İkinci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələri” mövzusunda beynəlxalq vebkonfransın materialları çap edilib.