Dövlət Miqrasiya və Dövlət Təhlükəsizliyi xidmətlərinin birgə tədbirləri zamanı qanunsuz miqrantlar saxlanılıb
Bakı, 2 aprel, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
AZƏRTAC DMX-nin saytına istinadla xəbər verir ki, Xidmət tərəfindən bir Mərakeş və bir Kamerun vətəndaşı saxlanılıb. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Nepalın səkkiz vətəndaşı saxlanılıb.
Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Nepal vətəndaşlarına öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azərbaycanda yüksək aylıq əməkhaqqı ilə iş vəd edilib və onlar aldadılaraq Azərbaycana gətirilərək qanunsuz miqranta çevriliblər. Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb.
Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Kamerun vətəndaşı Lourile Tenenq Meşi Kristellenin əvvəllər Azərbaycanda tələbə olduğu müəyyənləşdirilib. Belə ki, L.T.Meşi Kristelleyə əyani təhsil əsasında müvəqqəti yaşama icazəsi verilib, sonradan həmin icazənin ləğv edilməsinə baxmayaraq, o, ölkə ərazisini tərk etməkdən boyun qaçırıb.
Əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.