DÖVLƏT NEFT FONDUNUN SAYTI YENİLƏŞMİŞDİR
AZƏRTAC-a verilən məlumata görə, saytın “Fond haqqında” bölməsində Neft Fondunun tarixi, mahiyyəti, vəzifəsi, formalaşması mənbələri, maliyyələşdirdiyi layihələr, maliyyə göstəriciləri, idarəetmə strukturu, maliyyə terminlərinin izahlı lüğəti, suallara cavablar, boş iş yerləri haqqında məlumatlar və əlaqə telefonları, elektron poçtunun ünvanı yerləşdirilmişdir.
“Hüquqi sənədlər” bölümündə fondun fəaliyyəti ilə bağlı qanunlar, fərmanlar və sərəncamlar yer almışdır. Saytdakı “Hesabatlar və statistika” bölümündə isə fondun fəaliyyətinə dair illik hesabatlar, gəlir və xərclər barədə rüblük məlumatlar, beynəlxalq nüfuzlu audit şirkətinin hesabatları və büdcə məlumatları yerləşdirilmişdir. “Xəbərlər və elanlar” bölməsində fond işə başladığı vaxtdan bu günədək onun fəaliyyətinə, eləcə də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair məlumatlar, habelə yerli və xarici mətbuatda dərc edilmiş yazılar, eləcə də xəbərlərin arxivi yer almışdır.
Saytdan istifadəni asanlaşdırmaq üçün bir sıra yeniliklər tətbiq olunub. Onlardan biri avto-sorğu bölməsidir. Jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri burada yerləşdirilmiş sorğu formasını doldurmaqla, onları maraqlandıran suallara tez bir zamanda cavab ala biləcəklər. Bundan başqa, saytda ayrıca yerləşdirilmiş şəkilli bölmədə Neft Fondunun maliyyələşdirdiyi iki mühüm layihə - qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə ətraflı məlumat verilmişdir. Saytda xüsusi MHŞT bölümü də vardır ki, burada Azərbaycan hökumətinin Şəffaflıq Təşəbbüsünə qoşulduğu vaxtdan bu sahədə göstərdiyi fəaliyyətə və qazandığı uğurlara dair məlumatları, həmçinin Azərbaycan hökumətinin açıqladığı MHŞT üzrə hesabatları və auditor şirkətinin rəylərini oxumaq mümkündür.
Saytda Neft Fondunun vəsaitlərinin yerləşdirildiyi valyutaların, eləcə də Azərbaycan manatının məzənnəsi, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiymətləri də oxucuların məlumatlanması üçün nəzərdə tutulmuşdur. Bu qiymətlər hər gün səhər saat 11-dək yeniləşir və arxivləşdirilir.