Dövlət Neft Şirkətinin kompleks qazma işləri trestinin müəssislərində ekoloji monitorinqlər davam etdirilir
Bakı, 9 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən kompleks qazma işləri trestinin müəssislərində ekoloji nəzarətin gücləndirilməsi məqsədi ilə monitorinqlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, monitorinqlərin məqsədi kompleks qazma işləri trestinin tabeli müəssisələrinin fəaliyyət sahələrində ətraf mühitin mövcud ekoloji vəziyyətinin müəyyənləşdirilməsi, ARDNŞ-in ekoloji siyasətinin tələblərinin yerinə yetirilməsi və ekologiya sahəsində beynəlxalq standartların tətbiqini və vəziyyətini qiymətləndirməkdir.
Aparılan monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, dənizdə və quruda qazma işləri zamanı yeni texnologiyanın ardıcıl tətbiq olunması nəticəsində əvvəllər mövcud olmuş ekoloji pozuntular aradan qaldırılmışdır. Dəniz stasionar özüllərində isə qazma zamanı formalaşan qazma şlamlarının utilizasiyası məqsədi ilə sahilə daşınması intensivləşmiş, formalaşan çirkab suların zərərsizləşdirilməsi üçün özüllərdə təmizləyici qurğular quraşdırılmış, çökdürücü tutumlar yerləşdirilmişdir.
Əmələ gələn çirkab sular çökdükdən və təmizləndikdən sonra qazma məhlullarının hazırlanmasında və soyutma sistemlərində təkrar istifadə olunur, ayrılmış çöküntülərin toplanıb sahilə daşınması üçün tədbirlər görülür.
Monitorinqlər zamanı işçilərin ekoloji biliklərinin artırılması məqsədi ilə ekoloji təbliğat işinin gücləndirilməsinə xüsusi diqqət yetirilmişdir.