Dövlət qulluğuna qəbul üzrə müsahibələrdə iştirak edəcək namizədlərin nəzərinə
Bakı, 19 iyun, AZƏRTAC
Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin olunması və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə martın 18-dən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə DİM-in müvafiq inzibati binalarından qoşulacaqlar.
2019-cu il 17 sentyabr və 2020-ci il 13 yanvar tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər iyunun 25-i saat 18:00-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcək. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.
Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanıb. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.
Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılır. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.
Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.