Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək
Bakı, 30 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 31-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahana qeydiyyat martın 6-dan 30-dək aparılıb və bu müddətdə 72 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanacaq və üç saat davam edəcək.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
Şəxsiyyəti təsdiqləyən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi”.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti beş ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid edildiyi qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrə qatıla bilər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.