DÖVLƏT QULLUĞUNU İDARƏETMƏ ŞURASI YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYANIN İCLASI KEÇİRİLMİŞDİR
Yanvarın 31-də Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın ikinci iclası keçirilmiş, Komissiyanın işinin təşkili ilə əlaqədar bir sıra məsələlər müzakirə olunmuşdur.
İclasda korrupsiyaya qarşı mübarizədə ümumi dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın vacibliyi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyinin artırılması, korrupsiya hüquqpozmaları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması, korrupsiyaya qarşı mübarizədə səmərəli nəzarət mexanizminin təmin edilməsi zəruriyyəti xüsusilə vurğulanmışdır.
Komissiyanın üzvləri Katibliyin yaradılması, Komissiyanın katibinin təyin edilməsi, üzvlər arasında vəzifə bölgüsünün aparılması, Komissiyanın tərkibində ad-hoc işçi qruplarının yaradılması, illik fəaliyyət planının hazırlanması, Komissiyanın internet saytının yaradılması barədə geniş müzakirələr aparmışlar.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın qərarları ilə Katiblik yaradılmış, Komissiyanın katibi təyin edilmişdir. Komissiyanın katibinə tapşırılmışdır ki, Katibliyin səlahiyyətlərinin və işinin təşkili ilə əlaqədar təklifləri, illik fəaliyyət planı layihəsini hazırlayıb bir ay müddətində Komissiyaya təqdim etsin, habelə Komissiyanın internet saytını yaratsın.
İclasda korrupsiyaya qarşı mübarizə ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Proqramının icrası vəziyyətinin öyrənilməsi, maliyyə xarakterli məlumatların qəbul edilməsi işinin təşkili, korrupsiyaya qarşı həyata keçirilən cinayət təqibi tədbirlərinin vəziyyətinin və digər məlumatların öyrənilməsi və təhlili, ərizə və şikayətlərə baxılması, onların təhlili, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və digər qurumlarla iş, beynəlxalq əməkdaşlıq sahələri üzrə Komissiya üzvlərinin vəzifələri müəyyənləşdirilmişdir.
Həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, analitik-informasiya işinin təşkili, sosioloji sorğuların keçirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində monitorinqlərin həyata keçirilməsi sahələri üzrə işçi qruplarının yaradılması tövsiyə olunmuşdur.
Komissiyanın korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı və onların Katibliyin, habelə işçi qruplarının işinə cəlb edilməsi qərara alınmışdır.
Komissiya üzvləri Komissiyanın illik məruzəsinin Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə hər ilin fevral ayında hazırlanıb təqdim olunmasını qərara almışlar.
İclasda tövsiyə olunmuşdur ki, cəmiyyəti geniş məlumatlandırmaq məqsədi ilə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik aktları mətbuatda bir daha dərc edilsin, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülmüş tədbirlər barədə ictimaiyyətə məlumat verilsin.