Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlim proqramında iştirak ediblər
Bakı, 1 may, AZƏRTAC
Dövlət qurumlarının əməkdaşları üçün “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı mayın 1-də sertifikat təqdimetmə mərasimi ilə yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Süni İntellekt üzrə Tədris Mərkəzi (AI Academy) tərəfindən keçirilən təlim Elektron Təhlükəsizlik Xidmətinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Təqdimetmə mərasimində XRİTDX-nin İdarə rəisinin müavini Vüqar Həsənov, Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.
Təlim proqramı çərçivəsində dövlət qurumlarının nümayəndələri informasiya təhlükəsizliyi sahəsində yarana biləcək təhdid və risklərin qabaqcadan müəyyən edilməsi, müvafiq tədbirlərin proqnozlaşdırılması və bu məqsədlə süni intellekt əsaslı həllərin işlənib hazırlanması istiqamətində nəzəri bilik və praktiki bacarıqlar əldə ediblər.
Bu təşəbbüs “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı müəyyən edilmiş tapşırıqların icrası istiqamətində dövlət qurumlarında süni zəkanın institusional tətbiqinə hazırlığın sistemli şəkildə gücləndirilməsinə xidmət edir.