DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxışında demişdir ki, tədbirin keçirilməsindən məqsəd layihənin birinci mərhələsi üzrə nəzərdə tutulmuş işlər, əldə olunmuş nailiyyətlər və qarşıya qoyulan məqsədlər barədə məlumat verməkdir.
Layihənin icraçı direktoru Oqtay İbrahimov birinci mərhələdə layihənin konseptual və ideoloji məsələlərinin həll olunduğunu, onun həyata keçirilməsində tərəfdaşların, qarşıda duran əsas məqsədlərin müəyyənləşdirildiyini, kompüter avadanlığının alınması üzrə müsabiqənin keçirildiyini və qalibin müəyyən olunduğunu bildirmişdir. O, layihənin regionlarda daha geniş yayılması məqsədi ilə pilot rayonların seçildiyini və bölgələrə səfərlərin təşkil edildiyini də diqqətə çatdırmışdır.
Layihənin rəhbəri, Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatında İnformasiya Texnologiyaları (İT) və Fərdi Qeydiyyat Departamentlərinin yaradılmasına, DSMF-nin departament və rayon şöbələrinin əməkdaşlarına təlim kurslarının keçirilməsinə, pilot rayonların şöbələrinin kompüterlərlə təmin olunmasına yaxından kömək etdiklərini bildirmişdir.
Layihənin əsas məqsədlərindən biri də hüquqi və fiziki şəxslər haqqında məlumatların müxtəlifliyinin qorunmasıdır. Bu istiqamətdə həm texniki, həm də hüquqi təminatın yaradılması üçün layihə çərçivəsində konkret işlər aparılır.
Layihənin perspektiv işlərə aid hissəsində yeni pensiya sisteminin üstünlükləri haqqında geniş məlumatların ictimaiyyətə çatdırılması və bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyi vurğulanmışdır.