SİYASƏT
DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ ALMATI ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
Almati şəhərində “Asiyada qarşılıqlı fəaliyyət və etimad yaratmaq tədbirləri üzrə Müşavirə” çərçivəsində dövlət və hökumət başçılarının birinci zirvə görüşü başa çatmışdır.
Rusiya, Çin, Hindistan, Pakistan, Türkiyə, İran, İsrail, Monqolustan, Misir, Fələstin, Özbəkistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan və Qazaxıstanın dövlət, hökumət başçılarının toplaşdıqları Sammitdə Azərbaycan respublikasının baş naziri Artur Rasizadə iştirak etmişdir.
Zirvə görüşünü Qazaxıstanın prezidenti Nursultan Nazarbayev açaraq iştirakçıları salamlamış, Asiyanın bir sıra dövlətləri arasında münasibətlərin gərginləşdiyi bir vaxtda belə bir sammitin böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Sonra dövlət və hökumət başçılarına söz verilmişdir. Azərbaycanın baş naziri Artur Rasizadə demişdir ki, hərbi münaqişələr, separatizm, terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, silahların və radioaktiv materialların qanunsuz ticarəti səylərimizi birləşdirməyi tələb edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir demişdir: “Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir. Ərazilərin işğalı qətiyyətlə ittiham edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş əraziləri qanunun gücü, beynəlxalq hüququn normalarına uyğun olaraq boşaltmalıdırlar”.
Amerika Birləşmiş Ştatları, Yaponiya, Avstraliya, Ukrayna və başqa ölkələr tədbirdə müşahidəçi kimi iştirak etmişlər. Ümumiyyətlə, sammitdə 30-a yaxın ölkənin iştirakı təmin olunmuşdur.
Sammitin sonunda Almatı aktı imzalanmış, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair müşavirələrin bəyannaməsi qəbul olunmuşdur.
Həmin gün axşam dövlət və hökumət başçıları ikitərəfli görüşlər keçirmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı