Dövlət Vergi Xidmətinin nümayəndələri təcrübə mübadiləsi məqsədilə Finlandiyaya səfər ediblər
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət Vergi Xidmətinin və Dövlət Statistika Komitəsinin əməkdaşları Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvininq layihəsi çərçivəsində Finlandiyada səfərdə olublar.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, səfər müddətində Finlandiya Statistika İdarəsinin və Vergi Administrasiyasının mütəxəssisləri tərəfindən ölkənin biznes statistikası, biznes statistikasının təşkili, maliyyə, sənaye müəssisələri üzrə statistikanın aparılması, statistik məlumat mənbələri, statistik vahidlərin reyestri, məlumatların nəşri və yayımlanması prosesləri, gəlir vergisinin statistikasının aparılması, vergi məlumatlarının rəsmi statistikada istifadəsi, vergi məlumatlarının inteqrasiyası və sair mövzulara dair təqdimatlar edilib.
Təlim iştirakçıları finlandiyalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.