DÖVLƏTİ İDARƏ ETMƏK MƏHARƏTİNƏ YİYƏLƏNİRLƏR
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında kadrların ixtisasartırması və yenidən ixtisaslaşması fakültəsində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına yiyələnmiş müdavimlərin buraxılış imtahanları başlanmışdır.
Dövlət imtahan komissiyasının sədri, Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyev və Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov müdavimləri təbrik edərək, onlara imtahatlarda və gələcək əmək fəaliyyətində uğurlar arzuladılar. Qeyd olundu ki, müstəqillik əldə etmiş və keçid dövrünü yaşayan hər bir dövlətdə demokratik idarəetmə milli rifahın və sabitliyin zəruri şərtidir. Lakin cəmiyyətin demokratik prinsipləri əsasında idarə olunması üçün məhz bu dövrdə demokratik və hüquqi dövlət qurub, onu idarə edə biləcək müasir təfəkkürlü kadrlar tələb olunur. Azərbaycan Prezidenti Heydər Əliyevin dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübəsi, habelə dövlət idarəçiliyi nəzəriyyəsi, iqtisadiyyatın dövlət tənzimlənməsi, dövlət və hüquq nəzəriyyəsi, bələdiyyə idarəçiliyi, idarəetmədə iqtisadi və riyazi metodlar, elmin digər sahələri üzrə əldə olunan biliklər - Akademiyadakı təhsilin bəhrəsi bunlardır. Təhsil müddəti ərzində müdavimlər qarşısında respublikanın görkəmli dövlət və siyasi xadimləri, Prezidentin İcra Aparatının və Nazirlər Kabinetinin məsul işçiləri, Milli Məclisin deputatları, təcrübəli mütəxəssislər, tanınmış alimlər maraqlı mühazirələrlə çıxış etmişlər.
Azərbaycan Prezidentinin “İdarəçilik, dövlət, təşkilatçılıq təcrübəsi olmadan böyük işə rəhbərlik etmək çətindir” kəlamından bəhrələnənlər idarəçiliyin müasir formalarını aşkar etməyi, dünya ölkələrinin ali məktəblərinin təcrübəsini öyrənməyi və bu təcrübəni ümumiləşdirib ondan milli dəyərlər əsasında istifadə etməyi özlərinə mənəvi borc bilirlər.
Müdavimlərdən Fərman Muradov, Etibar Məmmədov, Malik Şərbətov, Faiq Atakişiyev və başqaları vurğuladılar ki, Prezident Heydər Əliyevin dövlət quruculuğu və dövlət idarəçiliyi məsələlərinə dair ideyalarının öyrənilməsi bugünün və gələcəyin idarəçi kadrlarının fəaliyyəti üçün əsas yaratmışdır.